Ukraynanın dağılan sosial və kommersiya obyektlərini işğalçının, yəni Rusiyanın vəsaitləri hesabına bərpa edilməsi ən düzgün variantdır.
Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
"Kritik, yaşayış, mülki infrastrukturların bərpasının kommersiya ilə bağlılığı yoxdur. Söhbət məktəblər, xəstəxanalarla bağlı olan infrastrukturun bərpasından gedir. Bu infrastruktura aid olan hər şey böyük əlavə investisiyalar tələb edir", - deyə M.Podolyak bildirib.
O qeyd edib ki, bir sıra kommersiya sahələri var ki, münbit mühit yaradılan zaman onların bərpası üçün xarici investorları cəlb etmək mümkün olacaq:
"Müharibədən sonrakı dövrdə iqtisadiyyatın necə olmalı olduğu, hansı əsas prioritet sahələrin tam həcmdə inkişaf etdirilməli və işə salınmalı olduğu barədə düşünürük. Başa düşülür ki, əgər burada təhlükəsiz, perspektivli bir mühit yaradılsa, buraya investorlar gələcək".
M.Podolyak bildirib ki, müharibənin Ukraynaya vurduğu zərərin həcmi barədə müxtəlif qiymətləndirmələr var:
"Bu 600 milyard dollardan 1 trilyon dollara qədərdir. Bunlar Dünya Bankı və digər qlobal maliyyə institutlarının qiymətləndirmələridir. Müvafiq olaraq, hətta Ukrayna kommersiya müəssisələrinin də iddiaları var. Sahibkarlar məhv edilən əkin sahələrini, infrastruktur obyektlərini 390 milyard avro məbləğində qiymətləndirirlər. Bu böyük itkilərdir və onları hər-hansı bir yolla kompensasiya etmək lazım olacaq".