Bosniya və Herseqovina Avropa İttifaqına inteqrasiya yolundan getdikcə daha çox uzaqlaşır.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos deyib.
O, Avropa Komissiyasının yeni genişlənmə paketini təqdim edərkən bildirib ki, ölkədə Aİ ilə əlaqəli əsas islahatlar hələ də qəbul edilməyib, icra və qanunvericilik hakimiyyətinin fəaliyyəti isə funksional hakim koalisiyasının olmaması səbəbindən ləngiyir.
M. Kosun sözlərinə görə, ümumi seçkilər ərəfəsində Bosniya və Herseqovinada siyasi parçalanma, siyasi mövqeləşmə və anti-Avropa ritorikası daha da güclənib.
Aİ komissarı ölkənin Aİ inteqrasiya prosesində irəliləmək üçün qətiyyət nümayiş etdirməli və müvafiq addımları sürətlə atmalı olduğunu bildirib.
M. Kos genişlənmə prosesi çərçivəsində Monteneqronun da vəziyyətinə toxunaraq bu ölkənin namizədlər arasında ən çox irəliləyiş əldə etdiyini və Aİ-nin 28-ci üzvü olmaq üçün aydın perspektivə malik olduğunu bildirib.
Onun sözlərinə görə, Monteneqro ilə üzvlük müqaviləsinin hazırlanmasına artıq başlanılıb və mövcud dinamika davam edərsə, ölkə 2028-ci ildə Avropa İttifaqına üzv ola bilər.