Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə "ŞƏT plyus" formatında yüksək səviyyəli görüşü açıq elan edib.
"Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbiri açan S.Japarov bəyan edib ki, onun mövzusu - "BMT ədalətli dünya nizamının əsas elementi kimi: ŞƏT plyus dövlətlərinin çoxqütblü dünyanın formalaşmasına töhfəsi"dir.
O qeyd edib ki, beynəlxalq münasibətlər sistemindəki dərin dəyişikliklər şəraitində BMT-nin mərkəzi əlaqələndirici rolunu, eləcə də ədalətli və bərabərhüquqlu dünya nizamının formalaşdırılması üçün ümumi məsuliyyəti təsdiq etmək xüsusilə vacibdir.
Qırğızıstan Prezidenti, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin tədbirdə iştirakını qeyd edərək sülh və sabitlik naminə BMT ilə ŞƏT-in birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, "ŞƏT plyus" formatının ölkələri əhəmiyyətli siyasi, iqtisadi və humanitar potensiala malikdir və çoxtərəfliliyin təşviq edilməsinə sanballı töhfə verməyə qadirdirlər.