İsveç xarici işlər naziri Mariya Malmyer Stenerqard İranda ölkə vətəndaşına qarşı çıxarılan ölüm hökmü ilə əlaqədar İran səfirini çağırıb.
"Report" bu barədə "AFP" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, İsraillə son 12 günlük münaqişə zamanı həbs edilmiş və casusluqda ittiham olunaraq məhkəməyə çıxarılmış ikili vətəndaşlığı olan şəxs İran və İsveç vətəndaşıdır.
"Biz birinci instansiya məhkəməsi tərəfindən ona ölüm hökmü çıxarıldığı barədə məlumat almışıq, lakin hələ bu məlumatları təsdiqləyə bilməmişik. Əlbəttə, biz onları yoxlamaq üçün səy göstəririk", - deyə Stenergard qeyd edib.
Onun sözlərinə görə, İsveç XİN İran səfirini Stokholma çağıraraq İsveç vətəndaşına qarşı mümkün ölüm hökmünü qəti şəkildə qınadığını ifadə edib.
"İsveç və Aİ-nin ölüm cəzasına münasibəti aydındır. Biz həmişə, hər yerdə və şəraitdən asılı olmayaraq buna qarşı çıxırıq", - deyə Stenergard bildirib.