İsrail Müdafiə Ordusunun Beyruta endirdiyi zərbə nəticəsində "Hizbullah"ın xüsusi bölməsinin komandiri Malek Ballut ölüb.
"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri şəhər əhalisini hava hücumu barədə əvvəlcədən xəbərdar etmədən Beyrutun cənub ətrafına zərbə endirib", - bəyanatda bildirilib.
Qeyd olunub ki, hava hücumu zamanı "Hizbullah" silahlı birləşməsinin "Radvan" xüsusi təyinatlı bölmələrinin komandiri Malek Ballut öldürülüb.
Daha əvvəl İsrail baş nazirinin dəftərxanasından bildirilib ki, Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın göstərişlərinə uyğun olaraq, İsrail Müdafiə Ordusu "Radvan" qüvvələrinin komandanını zərərsizləşdirmək məqsədilə Beyrutda ona hücum edib.
İsrail hakimiyyətinin iddiasına görə, "Radvan"ın rəhbərliyi altındakı yaraqlılar ölkənin yaşayış məntəqələrinin atəşə tutulmasına və ordunun əsgərlərinə edilən hücumlara görə məsuliyyət daşıyırlar.