Fransanın Tulon regionunda son hərbi təlimlər zamanı hərbi obyektlərin yaxınlığında və onların üzərində pilotsuz uçuş aparatlarının (PUA) bir neçə icazəsiz uçuşu qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) bəyanatına istinadən məlumat yayıb.
"Hazırda heç bir mühüm infrastruktur təhlükəyə məruz qalmayıb. Məhkəmə araşdırması başlanıb. Hər bir halda daxili təhlükəsizlik qüvvələri ilə koordinasiyalı şəkildə antidron sistemləri işə salınaraq nəzərdə tutulmuş təhlükəsizlik tədbirləri görülüb", – bəyanatda qeyd olunub.
Bildirilib ki, insidentlər oktyabrın 5-16-sı Tulon hərbi limanının müdafiəsi və qorunması üzrə keçirilən "Typhon" birgə təlimləri zamanı baş verib.
Medianın məlumatına görə, dron uçuşları hərbi dəniz bazası, Tulondakı Silahlanma Baş İdarəsinin obyekti, eləcə də Yer şəhərindəki 54-cü artilleriya alayı ərazisində qeydə alınıb.