Fransada COVID-19 xəstələrinin sayı 143 mini keçdi

Fransada son sutka ərzində koronavirusa daha 524 nəfər yoluxub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin "Sante Publique" Sanitar Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, bununla da Fransada COVID-19 xəstələrinin sayı 143 mini ötüb. 

Çərşənbə axşamı Fransanın səhiyyə idarəsinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib ki, xəstəxanalarda COVID-19-a yoluxmuş 18 468 nəfər müalicə edilir. Tibb müəssisələrinə son 24 saat ərzində 506 pasiyent daxil olub. 

"Reanimasiyada pasiyentlərin sayı azalmaqda davam edir", - Salomon qeyd edib. Məlumata görə, reanimasiyada 1 894 insan müalicə edilir. Son gün ərzində reanimasiyada pasiyentlərin ümumi miqdarı 104 nəfər azalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,9 milyonu ötüb. Bunların 1,9 milyon nəfərdən çoxu sağalıb, 320 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Digər xəbərlər