Britaniyada FTB-nin analoqu yaradılır

Böyük Britaniya hökuməti İngiltərə və Uelsdəki terrorizm, mütəşəkkil cinayətkarlıq və fırıldaqçılıq da daxil olmaqla ən ağır cinayətləri araşdıracaq yeni bir qüvvə Milli Polis Xidmətini (NPS) yaradacaq.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmuda istinadən məlumat yayıb.

Onun sözlərinə görə, nəşrin Amerika Federal Təhqiqat Bürosunun (FTB) analoqu adlandırdığı yeni agentlik ağır cinayətlərə qarşı mübarizə aparmaq vəzifələrini öz üzərinə götürəcək.

Hazırda bu vəzifə Milli Cinayətkarlıqla Mübarizə Agentliyinə (NCA), regional bölmələrə və terrorizm halında isə Skotland Yarda həvalə edilib.

"Biz "Böyük Britaniyanın FTB-si" adlandırılan yeni Milli Polis Xidməti yaradacağıq və təhlükəli cinayətkarları təqib etmək və yaxalamaq üçün dünyanın ən yaxşı personalından və qabaqcıl texnologiyalarından istifadə edəcəyik. Bu, yerli hüquq-mühafizə orqanlarına yeni səviyyədə cinayətkarlıqla mübarizəyə daha çox vaxt ayırmağa imkan verəcək".

Məqalədə deyilir ki, Milli Polis Xidmətinin rəhbəri Böyük Britaniyada ən yüksək rütbəli polis məmuru olacaq. O, həmçinin avtomatik üz tanıma kimi qabaqcıl texnologiyaların ölkə miqyasında tətbiqindən məsul olacaq.

Öz növbəsində, Milli Polis Rəisləri Şurası olan Skotland Yard və onun terrorizmlə mübarizə bölməsi birgə bəyanatla yeni qurumun yaradılmasını dəstəkləyib. Milli Polis İdarəsinin baş direktoru Qreym Biqqar da dəstəyini bildirib.

Digər xəbərlər