Bolsonaru xəstəxanadan həbsxanaya qaytarılıb

Braziliyanın keçmiş prezidenti (2019-2022) Jair Bolsonaru dekabrda keçirdiyi əməliyyatdan sonra xəstəxanadan buraxılıb və cəzasını çəkməyə davam etmək üçün həbsxanaya qaytarılıb.

"Report" xəbər verir ki, bu barədə "O Globo" qəzeti məlumat yayıb.

Həkimlər 70 yaşlı Bolsonarunun vəziyyətini qənaətbəxş hesab ediblər. Qasıq yırtığının kənarlaşdırılması üzrə aparılan əməliyyatdan sonrakı bərpa prosesi fəsadsız ötüşüb. Tibbi heyət həmçinin qeyd edib ki, eks-lideri narahat edən xroniki hıçqırma problemini dərman müalicəsi ilə dayandırmaq mümkün olub.

Bundan əvvəl Braziliya Federal Ali Məhkəməsi xəstəxanadan çıxdıqdan sonra dərhal həbs yerinə qayıt şərti ilə keçmiş prezidentin planlı şəkildə xəstəxanaya yerləşdirilməsinə icazə vermişdi. Eyni zamanda, hakim Aleşandr di Morais siyasətçinin vəkillərinin həbs cəzasının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin etməyib.

Qeyd edək ki, Bolsonaru dövlət çevrilişinə cəhd işi üzrə cəza çəkir. 2025-ci ilin sentyabrında o, 27 ildən çox müddətə azadlıqdan məhrum edilib.

Digər xəbərlər