BMT məhkəməsi Argentinanın Folklend adaları yaxınlığındakı neft layihəsi ilə bağlı sorğusunu rədd edib

BMT-nin Beynəlxalq Dəniz Hüququ Tribunalı Argentinanın Folklend adaları yaxınlığında Britaniya-İsrail birgə "Sea Lion" neft layihəsinin dayandırılması üçün müvəqqəti tədbirlərin tətbiqi barədə sorğusunu rədd edib.

"Report" xəbər verir ki, bu barədə tribunalın press-relizində bildirilib.

Qərar noyabrın 28-də 18 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edilib.

Tribunal belə qənaətə gəlib ki, Argentinanın istinad etdiyi BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının müddəaları hazırkı mərhələdə mübahisənin arbitraj məhkəməsində baxılması üçün kifayət qədər əsas vermir. Bununla əlaqədar hakimlər müvəqqəti tədbirlərin tətbiqi üçün digər şərtləri nəzərdən keçirməyə ehtiyac olmadığı qənaətinə gəliblər.

Argentina Atlantik okeanının cənub-qərb hissəsində karbohidrogen ehtiyatlarının mənimsənilməsi ilə əlaqədar 2026-cı il sentyabrın 28-də Böyük Britaniyaya qarşı arbitraj prosesinə başlayıb. Oktyabrın 13-də Buenos-Ayres tribunala müraciət edərək Londonu "Sea Lion" layihəsi çərçivəsində qazma işlərini və hasilat infrastrukturunun quraşdırılmasını dayandırmağa, habelə kəşfiyyat zamanı əldə edilmiş məlumatlardan istifadə etməkdən çəkinməyə məcbur etməyi xahiş edib.

"Sea Lion" layihəsi müvafiq olaraq 65 % və 35 % paya sahib olan "Navitas Petroleum Development and Production Ltd" və "Rockhopper Exploration Plc" şirkətləri tərəfindən həyata keçirilir.

Araşdırma zamanı Böyük Britaniya qazma işlərinin 2027-ci il martın 21-dək, neft hasilatının isə 2028-ci ilin martınadək başlamayacağını bəyan edib. Tribunal bu təminatları nəzərə alıb.

Qeyd edək ki, Folklend adaları ətrafındakı mübahisə Böyük Britaniya ilə Argentina arasında onların suverenliyi ilə bağlı fikir ayrılıqları ilə əlaqədardır.

Digər xəbərlər