BAEA "Zaporojye" AES-də atəşkəs rejiminin tətbiqinə dair Rusiya və Ukrayna ilə danışıqlar aparır

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) xarici elektrik təchizatının növbəti kəsintisindən sonra "Zaporojye" Atom Elektrik Stansiyası (AES) ərazisində 9-cu lokal atəşkəs sazişinin bağlanması ilə bağlı Rusiya və Ukrayna ilə danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə agentliyin saytındakı məlumatda bildirilib.

Məlumata görə, noyabrın 25-də yerli vaxtla saat 05:28-də stansiya 330 kV-luq sonuncu işlək xarici elektrik ötürücü xətti olan "Ferrosplavnaya-1" ilə əlaqəni itirib. Buna hərbi əməliyyatların səbəb olduğu ehtimal edilir. Nəticədə "Zaporojye" AES münaqişə başlayandan bəri 28-ci dəfə qəza dizel generatorlarına keçib.

BAEA-nın baş direktoru Rafael Qrossi qeyd edib ki, stansiyanın bir elektrik ötürücü xəttindən asılılığı və onun aktiv döyüş əməliyyatları zonasında yerləşməsi xarici enerji təchizatını son dərəcə etibarsız edir.

"Mən hər iki tərəfi elektrik enerjisi infrastrukturu obyektlərinə qarşı hərbi əməliyyatları dayandırmaq, "Ferrosplavnaya-1" xəttinin təmirinə kömək etmək və "Zaporojye" AES-nin xarici elektrik təchizatını bərpa etmək üçün BAEA ilə konstruktiv əməkdaşlığa çağırıram", - o bildirib.

Agentliyin məlumatına görə, elektrik enerjisi kəsildikdən sonra 19 qəza dizel generatorundan dördü avtomatik işə düşüb. Onlardan ikisi sonradan yanacağa qənaət məqsədilə söndürülüb. BAEA-nın qiymətləndirməsinə görə, iki generatorun hazırkı iş rejimində dizel ehtiyatı 10 gündən çox müddətə kifayət edəcək.

Yanacaq sərfiyyatını azaltmaq üçün temperaturun 0 (sıfır) dərəcəyə enməsinə baxmayaraq, stansiyada istilik təchizatı da dayandırılıb. BAEA yanacaq ehtiyatlarını və təhlükəsizlik sistemlərinin işini izləməyə davam edir.

Qrossi nüvə obyektlərinin yaxınlığında hərbi fəaliyyəti dayandırmağa bir daha çağırıb.

Digər xəbərlər