ABŞ və Ukrayna nümayəndə heyətləri son günlərdə keçirilən məsləhətləşmələrdə əsas diqqəti münaqişənin həlli istiqamətində növbəti addımların müddəti və ardıcıllığına, həmçinin təhlükəsizlik zəmanətlərinə ayırıblar.
"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff "X" sosial şəbəkəsində yazıb.
"Növbəti addımların müddəti və ardıcıllığının müzakirəsinə xüsusi diqqət yetirildi", - deyə o, tərəflər arasındakı danışıqların gedişatından bəhs edərkən qeyd edib.
Uitkoffun sözlərinə görə, tərəflər xüsusilə dörd əsas sənədi: 20 bəndlik planın daha da inkişaf etdirilməsi, çoxtərəfli təhlükəsizlik zəmanətləri sistemi üzrə mövqelərin yaxınlaşdırılması, ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri sistemi üzrə mövqelərin yaxınlaşdırılması, habelə iqtisadiyyat və rifahla bağlı planın gələcək inkişafı mövzularını müzakirə etdikləri konstruktiv görüş keçiriblər.
Uitkoff bildirib ki, ABŞ Kiyevin münaqişəni dayandırmaq əzmində olduğu qənaətindədir. Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, Vaşinqton təhlükəsizlik zəmanətlərinin təmin edilməsini və Ukraynanın bərpası üçün şəraitin yaradılmasını ümumi prioritetlər sırasına daxil edir. Uitkoffun sözlərinə görə, ABŞ sülhün yalnız hərbi əməliyyatların dayandırılmasını deyil, həm də sabit gələcək üçün layiqli təməli nəzərdə tutmalı olduğu mövqeyindən çıxış edir.