ABŞ Filippində raket sistemlərini yerləşdirəcək

ABŞ Hind-Sakit okean regionunda çəkindirmə təmin etmək üçün Filippinə NMESIS sahil əsaslı raket sistemlərini (SBMS) yerləşdirəcək.

"Report"un məlumatına görə, bu barədə ABŞ müdafiə naziri Pit Heqsetin Filippinə səfərinin yekunları üzrə ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, ölkələr Hind-Sakit okean regionunda gücdən istifadə etməklə sülhə nail olmaq üçün qətiyyətli addımlar atmağa razılaşıblar. Bu tədbirlərdən biri ABŞ-nin NMESIS-lərinin Filippində yerləşdirilməsi olacaq.

Bundan əlavə, Batanes arxipelaqı ərazisində iki ölkənin xüsusi əməliyyat qüvvələrinin birgə təlimlərinin keçirilməsi, habelə hərbi sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi, pilotsuz uçuş aparatlarının və maddi-texniki dəstək avadanlıqlarının birgə istehsalının mümkünlüyü barədə razılıq əldə olunub.

Xatırladaq ki, Pentaqon martın 21-də Heqsetin Havay, Quam, Filippin və Yaponiyaya səfər edəcəyini açıqlamışdı. Departament qeyd edib ki, bu, Heqsetin müdafiə naziri vəzifəsinə başladıqdan sonra həmin regiona ilk işgüzar səfəridir.

Xəbər lenti