ABŞ DÇ-2026-da dronlara qarşı mübarizə üçün 250 milyon dollar ayırıb

Vaşinqton administrasiyası DÇ-2026 zamanı dronlara qarşı mübarizə tədbirləri üçün 11 ştata və paytaxt regionuna 250 milyon dollar ayırıb.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Fövqəladə Hallar üzrə Federal Agentliyinin açıqlamasında bildirilib.

Sənəddə qeyd olunur ki, alıcılar bu vəsaitlərdən dronları aşkarlamaq, müəyyən etmək, izləmək və onlara qarşı mübarizə aparmaq imkanlarını inkişaf etdirmək üçün istifadə edə bilərlər.

Agentlik nümayəndələri hesab edirlər ki, son illər cinayətkarlar, terrorçular və düşmən əhval-ruhiyyəli aktorlar dronlardan istifadəni artırıblar.

"Artan PUA təhlükəsi səbəbindən Dünya Kubokunda təhlükəsizliyi təmin etmək üçün tez bir zamanda hərəkət etməli olduğumuzu bilirdik və məhz bunu etdik", - agentliyin nümayəndəsi bu vəsaitlərin ayrılmasına toxunaraq qeyd edib. Vaşinqton administrasiyası 2026-cı ildə dron hücumlarına qarşı mübarizə aparmaq üçün ştat hökumətlərinə əlavə 250 milyon dollar ayırmağı planlaşdırır.

2026-cı ilin dünya çempionatı 11 iyun - 19 iyulda Kanada, Meksika və ABŞ-də keçiriləcək. Çempionatda ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

Digər xəbərlər