Şəhid övladlarının iştirak ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Zəfər nəsli" gənclər düşərgəsi təşkil olunub.
"Report" xəbər verir ki, düşərgə Gənclər və İdman Nazirliyinin və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Düşərgənin məqsədi 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətini təbliğ etmək, milli qürur və vətənpərvərlik hisslərini gücləndirmək, şəhidlərin xatirəsini yad etmək və Zəfər tarixini gələcək nəsillərə çatdırmaqdır.
Düşərgə müddətində iştirakçılar üçün "İdeyadan tədbiqə: Süni intellekt necə işləyir?" və "44 günlük müharibədən bugünkü kiber təhdidlərə" adlı təlimlər keçirilib.
Daha sonra gənclər Zəfər tarixini və ümumi dünya görüşünü əks etdirən intellektual oyunda öz güclərini sınayıblar. Müxtəlif komanda oyunlarında iştirak ediblər. Aktiv və qalib gənclərə" Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən hədiyyələr verilib.
Düşərgənin bağlanış mərasimində Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Zeynəddin Azaqov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış ediblər.