8 Noyabr Zəfər Günü milli birliyin, sarsılmaz iradənin, Vətən sevgisinin və dövlətin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığını bütün dünyaya nümayiş etdirən tarixi hadisənin rəmzidir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, Vətən Müharibəsinin ilk günlərindən etibarən Azərbaycan əsgər və zabitləri misilsiz qəhrəmanlıq, yüksək döyüş hazırlığı, peşəkarlıq və Vətənə sədaqət nümayiş etdirdilər:
"Uzun illər ərzində qurulmuş müdafiə istehkamlarının yarılması, strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi Azərbaycan Ordusunun gücünü və üstün döyüş qabiliyyətini ortaya qoydu. Vətən müharibəsi günlərində Azərbaycan xalqı vahid amal ətrafında birləşərək dövlətinə, ordusuna və Ali Baş Komandanına dəstəyini nümayiş etdirdi.
P. Vəliyeva söyləyib ki, Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil. Deputat xatırladıb ki, məhz həmin gün Şuşa şəhəri işğaldan azad edilib, Vətən müharibəsinin taleyini müəyyən edən ən mühüm hərbi-strateji uğurlardan biri əldə olunub:
"Vətən müharibəsində iştirak edən hər bir hərbçinin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu Zəfər şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və hər bir Azərbaycan əsgərinin misilsiz şücaəti hesabına qazanılıb. Qazilərimizin sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, sosial və iqtisadi obyektlər istifadəyə verilir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Bayrağının dalğalanması dövlətimizin suverenliyinin, milli iradəsinin və tarixi Zəfərinin əyani təcəssümüdür.
Azərbaycanın əsas məqsədlərindən biri regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Bu baxımdan Zəfər yalnız hərbi qələbə deyil, həm də ölkəmizin gələcək inkişafı, regional əməkdaşlıq və beynəlxalq mövqelərinin gücləndirilməsi üçün yeni tarixi mərhələnin başlanğıcıdır".