Oğruca kəndinin yaddaş izləri: Dağıdılmış kənd, qorunub saxlanılan qəbiristanlıq

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistan ərazisində yerləşən, 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadıqları Oğruca (indiki Kaxakn) Azərbaycan kəndinin tarixi tarixi haqqında araşdırma aparılıb.

"Report" xəbər verir ki, bu barədə məqalə "Perished Civilization" nəşrində yayımlanıb.

Çar dövründə kəndin adı "Oğruca", "Oğrca", "Oğrunca", "Qaraiman" sovet dövründə isə "Oğruca", "Qaraiman", "Sovetkənd" kimi yazılıb.

Mənbələrə əsasən, Çar və sovet dövrlərində kənd "Oğruca" və "Qaraiman", 1978-ci ilin yanvarında "Sovetkənd" adlandırılıb.

1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Kaxakn qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.

XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.

1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə əsasən azərbaycanlıların əcdadları yaşayıblar.

Mənbələrə görə, 1873-cü ildə kənddə 418 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə 775 nəfər, 1908-ci ildə 1 033 nəfər, 1911-ci ildə 1 074 nəfər, 1914-cü ildə isə 743 nəfər azərbaycanlı yaşayıb.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti 29 may 1918-ci ildə İrəvan (indiki Yerevan) şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.

Arxiv sənədlərinə əsasən, 1919-cu il aprelin ortalarında erməni qoşunları tərəfindən kənddə qırğın törədilib, kəndin özü isə dağıdılıb.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

Sonralar kənddə ermənilər məskunlaşıblar.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib. Bundan əlavə, qəbiristanlıqda XX əsrə aid iki türbənin dağıntıları tapılıb.

Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində müasir Ermənistan ərazisində azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd haqqında məlumat toplanaraq sistemləşdirilib. Həmin kəndlərin bəzilərində qəbiristanlıqlar, pirlər və məscidlər kimi türk mədəni-tarixi irsinin qalıqları bu günədək qorunub saxlanılıb.

Digər xəbərlər