Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy

Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi olaraq qəbul edilməsi tezliklə bütün Azərbaycanda milli azadlıq hərəkatına böyük təkan verdi.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, Naxçıvan Ali Məclisi həmin sessiyada həmçinin Azərbaycan SSR Ali Sovetinə müraciət edərək, bu Bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi olaraq qəbul edilməsini təklif edib:

"Bu təşəbbüsdən bir neçə ay sonra, 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli Bayrağımıza rəsmi dövlət statusu verdi".

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağımız ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi:

"Konstitusiyamızın 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.

"Atılan hər bir addım Bayrağımızın milli fəxr, dövlət müstəqilliyi və vahidlik ideyalarının təzahürü kimi xalqımızın tarixində böyük əhəmiyyətə malik olduğunu nümayiş etdirir. Bayrağımız milli qürurumuz, kimliyimizdir".

Deputat bildirib ki, uzun illər Dövlət Bayrağı Günü bir mübarizə rəmzi idi:

"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü sayəsində 2020-ci il Vətən müharibəsində şanlı Zəfərimiz bu fəlsəfəni tamamilə dəyişdi. Altı il bundan öncə üçrəngli Bayrağımız torpaqlarımızın işğaldan azad edilməsinə, öz tarixi sahibinə qovuşmasına şahidlik etdi. Qalibiyyət rəmzimiz olan Bayrağımız azad edilmiş bütün torpaqlarımızda ucaldıldı.

Bu gün Şuşada, Xankəndidə, Xocalıda, azad edilmiş bütün ərazilərimizdə dalğalanan üçrəngli Bayrağımız artıq sadəcə müstəqilliyin deyil, həm də mütləq Zəfərin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının simvoludur. Bu gün Dövlət Bayrağımız beynəlxalq tribunalarda, diplomatik nümayəndəliklərdə, idman arenalarında qalib, suveren ölkənin fəxr mənbəyi kimi ucalır".

Digər xəbərlər