Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
"Report" xəbər verir ki, Xocavənd şəhərinə və rayonunun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə - 140 nəfər, rayonunun Quzeyxırman kəndinə isə 12 ailə - 45 nəfər köçürülüb.
Böyük Qayıdış çərçivəsində həmçinin Cəbrayıl rayonunun Soltanlı kəndinə də 17 ailə - 74 nəfər köçürülüb.
Zəngilanın Cahangirbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Cahangirbəyliyə də 18 ailə - 74 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.