Qərbi Azərbaycanın yaddaş yerləri: Saral kəndində Azərbaycan irsinin izləri

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistan ərazisində yerləşən məscid dağıntıları və azərbaycanlıların dəfn olunduğu iki qəbiristanlığının qaldığı Saral (indiki Nor Xaçakap) Azərbaycan kəndinin tarixi haqqında araşdırma hazırlanıb.

"Report" xəbər verir ki, bu barədə məqalə "Perished Civilization" nəşrində yayımlanıb.

Çar dövründə kəndin adı "Saral", sovet dövründə isə "Saral", "Saralli" kimi yazılıb.

Kənd azı 160 il ərzində Saral adını daşıyıb. 1991-ci ilin avqustunda Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Nor Xaçakap qoyulub.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir və kənd haqqında qeydə XVIII əsr Osmanlı mənbəyində rast gəlinir.

XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. 1801-ci ildə I Aleksandr "Gürcü xalqına" manifesti ilə, nəhayət, Kartli-Kaxetiya çarlığının ilhaqını təsdiqləyib: gürcü monarxiyası ləğv edilib, Şərqi Gürcüstan isə Rusiya imperiyasının tərkibinə daxil olunub. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub.

Mənbələrə əsasən, 1831-ci ildə kənddə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1906-cı ildə 951 nəfər, 1908-ci ildə kənddə 951 nəfər azərbaycanlı yaşayıb.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 29 may 1918-ci ildə hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.

Saral əlçatan yazılı mənbələrdə göstərilən dövrdə türk əhalisinin kütləvi qırğını haqqında məlumatın qeydə alınmadığı azsaylı kəndlərdən biri olub.

Məqalədə bildirilib ki, kənd əvvəl Qarakilsə rayonunun tərkibində olub, rayon sonradan Kirovakan adlandırılıb. Sonralar kənd Spitak rayonuna aid edilib.

Britaniyalı jurnalist və qafqazşünas Tomas de Vaalın "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabında qeyd edilir ki, Saral kəndinin azərbaycanlı əhalisi 1988-ci ilin noyabrında Ermənistan SSR-in güc strukturları nümayəndələrinin və silahlı dəstələrin təzyiqi altında zorakılıqla qovulub.

2007-ci ildə erməni jurnalist Naira Bulqadaryan Britaniyanın müharibə və sülhün işıqlandırılması İnstitutu (IWPR) üçün yazdığı məqalədə Saral kəndində iki azərbaycanlı qəbiristanlığının vəziyyətini təsvir edərək məzar daşlarının əksəriyyətinin zədələndiyini qeyd edir. Yazıda qeyd olunub ki, kənd ermənilərlə məskunlaşdırıldıqdan sonra Ermənistanın digər bölgələrindən gəlmələr qəbiristanlıqdan azərbaycanlıların məzar daşlarını emal etmək və ya təkrar satış üçün aparıblar.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə onlarla məzar daşlarının qaldığı iki azərbaycanlı qəbiristanlığı, həmçinin məscid dağıntıları və Armudocaq ziyarətgahı aşkar edilib. Hal-hazırda ziyarətgahın girişində xaç qoyulub.

Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində müasir Ermənistan ərazisində azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd haqqında məlumat toplanaraq sistemləşdirilib. Həmin kəndlərin bəzilərində qəbiristanlıqlar, pirlər və məscidlər kimi türk mədəni-tarixi irsinin qalıqları bu günədək qorunub saxlanılıb.

Digər xəbərlər