Səbinə Əliyeva: Qarşıdakı mərhələdə əsas hədəf insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsidir

Qarşıdakı mərhələdə əsas hədəf Ombudsmanın tövsiyələrinin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi və insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsidir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında növbəti dəfə həmin vəzifəyə seçilməsi ilə əlaqədar çıxışında deyib.

O qeyd edib ki, həssas əhali qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, milli preventiv və müstəqil monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda Ombudsmana əlçatanlığın artırılması, habelə rəqəmsal transformasiya və süni intellekt kontekstində insan hüquqlarının müdafiəsinə dair müasir yanaşmaların təşviqi və tətbiqi prioritet istiqamətlər sırasında olacaq:

"Hüquqi maarifləndirmə fəaliyyətinin müasir tələblər və yeni çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi, ictimai iştirakçılığın təşviqi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi də əsas hədəflərimizdəndir. Beynəlxalq əməkdaşlıq çərçivəsində milli təcrübənin təşviqi, ölkəmizin insan hüquqları sahəsində nailiyyətlərinin, eləcə də müharibə və postmüharibə dövrünün humanitar nəticələrinin obyektiv faktlar və hüquqi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətimiz davam etdiriləcək".

Digər xəbərlər