“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev insanlara böyük qayğı ilə yanaşır, istər jurnalistlərə, istərsə də xalqa qarşı çox səmimi münasibət bəsləyirdi”.
Bunu “Report”a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktorunun müavini, rus dili redaksiyasının rəhbəri Nəzirə Nurullayeva Ümummilli Liderlə bağlı xatirələrini bölüşərkən deyib.
N.Nurullayeva 7 il Prezidenti səfərlərdə müşayiət etdiyini, bu müddət ərzində onunla birlikdə Brüsselə, Moskvaya, Sankt-Peterburqa, Türkiyəyə, İrana və s. ölkələrə səfər etdiyini bildirib.
"Jurnalistikaya marağım birinci kursda təhsil alarkən yaranıb. Mən Moskvada “Defektoloq” ixtisası üzrə təhsil alırdım. Birinci semestr bitəndən sonra tətil günlərində evə getmək qərarına gəldim. 1990-cı il yanvarın 19-u və ya 20-si idi. Lakin bizə dedilər ki, Bakıda çevriliş olub, ora çata bilməyəcəyik, buna görə də bir gün gözləməli olduq. Puşkin meydanına getdik, o vaxt burada Azərbaycanın daimi nümayəndəliyi yerləşirdi”, - o bildirib.
Nurullayevanın sözlərinə görə, Ümummilli Lideri ilk dəfə məhz həmin binada görüb və onun çıxışını dinləyib.
“Çıxışdan sonra müşahidə etdim ki, bir qadın davamlı olaraq Heydər Əliyevin yanına gəlib nəsə soruşur, o isə sakitcə cavab verir”, - o deyib. N.Nurullayeva sonradan həmin qadının jurnalist olduğunu öyrəndiyini və məhz bu zaman gələcəkdə hansı sahədə çalışacağına qərar verdiyini bildirib.
Nurullayeva Bakıya qayıtdıqdan sonra “Yeni Azərbaycan” qəzetində tərcüməçi kimi işə düzəlib.
“Bir dəfə redaksiyada rusdilli müxbir olmadığına görə məni jurnalist kimi Prezidentin MDB-nin icraçı katibi Boris Berezovski ilə görüşünü işıqlandırmaq üçün göndərdilər”, - o deyib.
N.Nurullayevanın sözlərinə görə, Prezidenti müşayiət edən müxbir kimi karyerasının başlanğıcı məhz bu görüşlə bağlı yazdığı yazı olub: “Mən də Prezidenti müşayiət edən müxbirlərdən oldum, sonra səfərlər başladı”.
N.Nurullayeva bildirib ki, hazırda Milli Məclisin deputatı olan Qənirə Paşayevanın da iştirak etdiyi səfərlərin birində Ümummilli Lider jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün onlara şəxsi mühafizəsini ayırıb.
"Bir dəfə Ankarada idik, ad günüm oldu. Azərbaycana qayıtmazdan əvvəl türkiyəli həmkarlar mənə böyük gül dəstəsi hədiyyə etdilər. Təyyarənin pəncərəsindən əlimdə gül dəstəsi tutduğumu görən Heydər Əliyev həmin vaxt Azərbaycanın xarici işlər naziri olan Vilayət Quliyevi çağırıb güllərlə maraqlanmışdı. Belə diqqət mənə çox xoş oldu”, - Nurullayeva deyib.
Nəzirə Nurullayeva Heydər Əliyevin xalqa böyük qayğı və hörmətlə yanaşdığını, insanlara qarşı çox səmimi münasibət bəslədiyini söyləyib: "Novruz şənliyində gəzinti zamanı Heydər Əliyevin insanlarla necə mehriban ünsiyyət qurduğunun şahidi olmuşam. Rəqibləri ilə ünsiyyətdə isə özünü çox təmkinli aparırdı".
Jurnalistin sözlərinə görə, Ümummilli Lider vəfat edəndə məqalə yazıb. "Ən ağır günlər idi. Mən hələ də onun üçün darıxıram", - o fikrini tamamlayıb.