Azərbaycan-Vyetnam münasibətləri: tarixi dostluqdan institusional strateji tərəfdaşlığa - Rəy

Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluqdan praqmatik və institusional strateji tərəfdaşlığa keçid nümunəsidir.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi önəm verən Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır:

"Bu yanaşma özünü çoxillik tarixi bağlara malik dövlətlərlə əlaqələrin müasir çağırışlara və yeni prioritetlərə uyğun zənginləşdirilməsində də aydın göstərir. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri və səfərdən öncə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi çağırışlar diqqət mərkəzindədir. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər təxminən 70 illik tarixi dostluq təməli üzərində qurulmaqla, ötən il imzalanmış Strateji Tərəfdaşlıq Bəyanat ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu sənəd təkcə ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyada, Vyetnamın isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq imkanlarını genişləndirir".

V.Rəhimzadə vurğulayıb ki, dövlət başçısının Vyetnama rəsmi səfəri zamanı keçirdiyi görüşlər, müzakirə olunan məsələlər və səsləndirilən çağırışlar özündə mühüm məqamları ehtiva edir:

"İlham Əliyev Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşündə Azərbaycan-Vyetnam əlaqələrinin tarixinə toxundu. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Vyetnama, Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin isə Azərbaycana səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayıb. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətin həyata keçirildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində ölkələrimiz arasında əməkdaşlıqdan bəhs etdi".

Deputat hər bir səfərin əhəmiyyətini təsdiqləyən mühüm amillərdən birinin ölkələr arasında əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması olduğunu diqqətə çatdırıb:

"İndiyədək Azərbaycan ilə Vyetnam arasında 30-dan çox sənəd imzalanıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları vasitəsilə dəstəklənir. Hakim partiyalar – Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2013-cü il Anlaşma Memorandumu və 2023-cü il Əməkdaşlıq Sazişi əsasında qarşılıqlı səfərlər təşkil olunur".

Milli Məclisin üzvü bildirib ki, humanitar əməkdaşlıq xalqları və dövlətləri birləşdirən möhkəm körpü rolunu oynayır:

"Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib. Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım oldu".

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluqdan praqmatik və institusional strateji tərəfdaşlığa keçid nümunəsidir.

"Qarşıdakı illərdə əsas çağırış yüksək siyasi iradəni iqtisadi rəqəmlərə çevirmək, yəni ticarət dövriyyəsini enerji asılılığından çıxararaq sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və yaşıl enerji layihələri hesabına dəfələrlə artırmaqdır. Orta Dəhliz üzərindən tranzit imkanlarının tam işə düşməsi Bakını Cənub-Şərqi Asiya üçün Avrasiyaya açılan əsas qapıya çevirəcək. Dövlət başçısı İlham Əliyevin bu ölkəyə rəsmi səfəri Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addımdır", - o əlavə edib.

Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür 20 noyabr, 2026 / 00:05