Gələcəkdə İçərişəhərdə "Ağıllı Qoruq" modeli əsasında "ağllı suvarma sistemləri", "ağıllı tullantı idarəedilməsi", "ağıllı işıqlandırma" sistemlərinin yaradılması, bərpa olunan enerji mənbələrindən istifadə nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, məqsəd İçərişəhərdə dayanıqlı idarəçiliyin əsaslarını formalaşdırmaq, irsin rəqəmsal idarəedilməsi və monitorinqini təmin etmək və tarixi mühitin ekoloji və texniki dayanıqlığını təmin etməkdir.
Aytac Əlisultanlı həmçinin bildirib ki, tarixi abidələrin vahid rəqəmsal arxivinin yaradılması və 3D skanlanması, tarixi abidələrin monitorinq sensorları ilə təchiz olunması, tarixi abidələr barədə məlumatların NFC, VR və AR texnologiyaları ilə daha alçatan va interaktiv taqdim olunması planlaşdırılır.
Eyni zamanda, Qoruq rəsmisi qurumun ikiillik "yol xəritəsi" barədə də məlumat verib:
"Buraya smart ifrastruktur, irsin rəqəmsal idarəedilməsi, dayanıqlı turizm və muzey texnologiyaları, ərazidə mobillik və təhlükəsizlik, rəqəmsal idarəçilik və data əsaslı qərarvermə aiddir".