Cocuq Mərcanlı sakini: Həm kəndimiz azad edildi, həm də qardaş nisgilinə son qoyuldu

Həm kəndimiz işğaldan azad olundu, həm də uzun illər davam etmiş qardaş nisgilinə son qoyuldu.

Bunu “Report”un Qarabağ bürosunun əməkdaşı ilə söhbətdə aprelin 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dəfn olunan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən Ələsgər Mirzəliyevin böyük qardaşı Bəyqulu Mirzəliyev deyib.

Onun sözlərinə görə, ailə üzvləri 30 ildən artıq müddətdə qardaşının həsrəti ilə yaşayıb:

“Uzun illər qardaşımın həsrətini çəkdik. Həm Vətən həsrəti, həm də qardaşımın taleyindən xəbərsiz olmağımız bizi çox üzdü. İndi Allaha şükür edirik.

Bu, bizim xoşbəxt günümüzdür. Çünki həm kəndimiz işğaldan azad olundu, həm də uzun illər davam etmiş qardaş nisgilinə son qoyuldu. Dünyasını dəyişən əzizlərimizi artıq öz qəbiristanlığımızda rahat dəfn edə bilirik”.

Xəbər lenti