Bakı. 4 aprel. REPORT.AZ/ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə aprelin 12-də “Caspian European Club”un təşkil edəcəyi 13-cü “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edəcək.
Bu barədə “Report”a “Caspian European Club” sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, tədbir “Caspian European Club”un Milli Məclisin adı çəkilən komitəsi ilə əməkdaşlığın genişlənməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında baş tutacaq.
T.Əliyev vurğulayıb ki, “CEO Lunch Baku”da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin özəl sektor ilə Milli Məclis arasında əməkdaşlığın genişləndirilməsi məsələsi üzrə təşəbbüs və təklifləri müzakirə olunacaq. O həmçinin qeyd edib ki, “CEO Lunch Baku” üzvlərinə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.
“CEO Lunch Baku” şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir. Tədbirə qatılmaq üçün “Caspian European Club”un saytında aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək lazımdır: http://www.caspianenergy.org/index.php/2018-01-09-...
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.