Rusiyanın "Abrau-Durso" Şirkətlər Qrupunun "Şəki Şərab" MMC-yə investisiyaları 7 milyon avronu keçib.
"Report" xəbər verir ki, bunu şirkətin Azərbaycandakı törəməsi "Az Abrau" şirkətinin direktoru Ernest Minqazov bildirib.
Onun sözlərinə görə, investisiya proqramı çərçivəsində şərabçılıq müəssisəsinə yeni avadanlıqlar və üzüm bağları üçün torpaq sahələri alınıb.
"Bu ilin yekununda müəssisədə 2,5 milyon şüşə şərab istehsal ediləcək, gələn il isə bu rəqəmin 3,5 milyon şüşəyə çatdırılması planlaşdırılır. Bu il istehsal edilmiş şərabın 2 milyon şüşəsi ixrac edilib ki, bu da ümumi istehsalın 80 %-ni təşkil edir. Əsas ixrac bazarı Rusiyadır. Bundan əlavə, şirkətimiz Belarus və Qazaxıstana da şərab tədarük edir. Şirkət həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda, o cümlədən Mədrəsə və Rkatsiteli üzüm sortlarının yetişdirildiyi Füzulidə üzüm bağları üçün torpaq sahələri alıb. Bunun sayəsində biz Azərbaycanda Ağdama port şərabının istehsalı hüququnu ilk əldə etdik", - deyə direktor qeyd edib.
O əlavə edib ki, şirkət məhsul çeşidini genişləndirməyi planlaşdırır. "Xüsusən, gələn il biz köpüklü şərab xəttini işə salacağıq, üç və beş yaşlı konyak istehsal edəcəyik".
Xatırladaq ki, "Abrau-Durso" Şirkətlər Qrupu "Şəki Şərab"ı 2021-ci ildə özəlləşdirib. Şərab zavodu avtoxton üzüm sortlarının əkinini artırır, qazsız və köpüklü şərab istehsalının bütün mərhələlərini müasirləşdirir, turizm infrastrukturunu genişləndirir.
"Abrau-Durso" Rusiyada qazsız şərablar, araq və digər içkilər üçün portfelini genişləndirərək, qazlı şərabların aparıcı istehsalçısına çevrilib.