Ötən il Gürcüstan son 15 ildə Azərbaycana rekord dəyərdə avtomobil tədarük edib

Ötən il Gürcüstan Azərbaycana 437 milyon ABŞ dolları dəyərində 22 min 393 ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, dəyər ifadəsində ən azı son 15 ilin ən yüksək göstəricisidir.

2022-ci illə müqayisədə qonşu ölkədən avtomobil idxalı dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 26 % artıb.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2,13 milyard ABŞ dolları dəyərində 107 min 898 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 2,3 dəfə və 35 % çoxdur.

O cümlədən, Gürcüstandan Qırğızıstana 618 milyon ABŞ dolları dəyərində 16 min 831 ədəd, Qazaxıstana 592 milyon ABŞ dolları dəyərində 39 min 896 ədəd, Ermənistana 299 milyon ABŞ dolları dəyərində 17 min 337 ədəd, Rusiyaya 67,13 milyon ABŞ dolları dəyərində 4 min 966 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 906 milyon ABŞ dolları dəyərində 79 min 887 ədəd avtomobil ixrac edib ki, bunun da 309 milyon ABŞ dolları dəyərində 30 min 452 ədədi Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan avtomobil tədarükünə çəkdiyi xərci 25 % artıb, onun miqdarı isə 22 % azalıb.

Digər xəbərlər