Bu ilin yanvar–noyabr aylarında Naxçıvan Muxtar Respublikasından ixrac olunan məhsulların dəyəri 12,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 % çoxdur.
"Report"un yerli bürosu xəbər verir ki, 11 ay ərzində bölgədən tütün məhsulları, vafli və vafli məmulatları, sement, daş və daş məmulatları, elektrik enerjisi, mineral su, günəbaxan tumu, şokolad və digər kakao məhsulları, aromatlaşdırılmış içkilər, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, energetik içkilər, üzüm, spirtli içkilər, meyvə şirələri, ərik qurusu və buğda kəpəyi Gürcüstan, Rusiya, İran, Yəmən, Türkiyə, Tacikistan, ABŞ, İraq, BƏƏ, Suriya, Çin, Qırğızıstan, Fələstin və Ukraynaya ixrac edilib.
Hesabat dövründə yerli iş adamları 7-si ölkədə, 8-i isə xaricdə olmaqla, ümumilikdə 15 tədbir və sərgidə iştirak ediblər.
Sahibkarlar kənd təsərrüfatı, qida sənayesi, tikinti materialları və digər sahələr üzrə istehsal etdikləri məhsulları "InterFood Azerbaijan", "Rebuild Karabakh 2025", "ISM Middle East 2025", "Anuga 2025", "Food Expo Qazaqstan 2025" və digər nüfuzlu sərgilərdə nümayiş etdiriblər.