İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə ixrac strategiyaların hazırlanması və təkmilləşdirilməsi müzakirə olunub.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr Türkiyənin İstanbul şəhərində keçirilən İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 41-ci iclasında baş tutub.
Tədbirdə təşkilata üzv ölkələrin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən iclasda "İƏT-2025: Fəaliyyət Proqramı"nın icrası, qlobal iqtisadi meyllərin İƏT-ə üzv ölkələrə təsiri, İƏT çərçivəsində ticarət əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlıqda özəl sektorun rolunun artırılması, maliyyə əməkdaşlığının dərinləşdirilməsi, nəqliyyat və rabitə infrastrukturunun təkmilləşdirilməsi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilir ki, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev iclasdakı çıxışında Azərbaycanın İƏT-ə üzv dövlətlərlə çoxtərəfli əməkdaşlığın və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. Tədbirdə ixrac bazarlarının şaxələndirilməsi və qeyri-neft-qaz ixracının genişləndirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər, Avropa və İƏT bazarlarına çıxışı artıran layihələr barədə məlumat verilib. Qeyd edilib ki, kiçik və orta biznes ixracatçıları üçün mübadilə proqramlarının, sənaye, bərpa olunan enerji, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi mövcud iqtisadi və ticarət əlaqələrinin daha da güclənməsinə töhfə verə bilər.
Eyni zamanda Azərbaycanda formalaşmış əlverişli biznes və investisiya mühiti, əməkdaşlıq üçün perspektiv istiqamətlər, sənaye zonalarının imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergi və gömrük güzəştləri, digər stimullaşdırıcı mexanizmlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.