Gürcüstandan Azərbaycana avtomobil tədarükü 70 %-ə yaxın azalıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 70 milyon ABŞ dolları dəyərində 3 min 655 ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 53 %, kəmiyyət olaraq – 69 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 577 milyon ABŞ dolları dəyərində 28 min ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3 % və 15 % azdır. O cümlədən Gürcüstandan Qırğızıstana 266 milyon ABŞ dolları dəyərində 7 min 424 ədəd, Qazaxıstana 181 milyon ABŞ dolları dəyərində 13 min 584 ədəd, Ermənistana 31 milyon ABŞ dolları dəyərində 1 min 872 ədəd, Tacikistana 6,71 milyon ABŞ dolları dəyərində 485 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,13 milyard ABŞ dolları dəyərində 107 min 898 ədəd avtomobil ixrac edib ki, bunun da 437 milyon ABŞ dolları dəyərində 22 min 393 ədədi Azərbaycanın payına düşüb.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51