Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 7,4 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azı son 15 ildə eyni dövr üçün ən yüksək göstəricidir və ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 51,7 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da bir il əvvəlki göstəricidən 4 % azdır. O cümlədən Gürcüstan Litvadan 18 milyon ABŞ dolları, Türkiyədən 6,8 milyon ABŞ dolları, Ermənistandan 6,3 milyon ABŞ dolları, Çexiyadan isə 3,5 milyon ABŞ dolları dəyərində siqaret idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 158 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 11,6 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.