Günel Ağazadə: “Azərbaycanda bir çox sahə sözün əsl mənasında inkişaf edib, amma əmlak sahəsi hələ bazarda ikonlaşmayıb”

“Between Estates”şirkətinin rəhbəri, “Amazon” şirkətinin 15 ölkə üzrə layihə meneceri Günel Ağazadə ilə müsahibəni təqdim edirik:

- Bildiyimiz kimi bu il iyunun 1-də ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək. Maraqlıdır əmlak və investisiya sahəsində zirvə görüşü təşkil etmək ideyası necə yaranıb?

- Mən Günel Ağazadə olaraq deyə bilərəm ki yaşadığım hər bir keys, hadisə mənim üçün bir fürsət doğurur. Necə desək beyində lampa yanır. Gələk yaranma məsələsinə: özümün gözləmədiyim və bazar araşdırmalarım nəticəsində əmlak sektorunda boşluğun olması bu zirvə görüşünü təşkil etməyimə səbəb oldu. Son zamanlar Azərbaycanda təhsil, səhiyyə, menecment, marketinq və s. sahələr sözün əsl mənasında inkişaf edib və ikon halına gəlibdir, amma əmlak sahəsi hələ bazarda ikonlaşmayıb. Qısası hələ də rielter və ya əmlak kəlməsini istifadə edəndə makler düşünürük. Bu zəncirin qırmağın ən gözəl yolu isə insanları maarifləndirməkdir deyə düşünürəm.

- Tədbir "Gələcəyə Doğru Yatırım" konsept mesajı ilə təşkil olunur. Gələcəyə doğru yatırım etmək üçün nələr etməliyik? Sizcə, zirvə bu mesajı tam ötürə biləcəkmi?

- Gələcəyə doğru yatırım mesajının şüuraltısı, insanların əmlak sektoruna olunacaq investisiya imkanlarının geri dönüşləri, əmlak dedikdə yalnız yaşam alanı olaraq deyil, yatırım məqsədli baxış bucağını yaratmaq və ən əsası yalnız Azərbaycan bazarını deyil, beynəlxalq bazarı da tanımaqdır. Qaldıkı zirvənin bu mesajı ötürüb-ötürməməsinə düşünürəm ki, bura gələn iştirakçılar qərar verəcək, amma onu deyə bilərəm ki, təhsildə, idarə etmədə xarici bazara maraq göstərib faydalanmaq istəyənlər varsa niyə də əmlak sektorunda da xaricdən faydalanmayaq? Bunun üçün də Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiririk.

- İyunun 1-də təşkil olunacaq Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsində sahibkarlar, investorlar, dövlət rəsmiləri bir araya gələcək. Keçiriləcək zirvədə bizi nələr gözləyir?

- Bu sualınızı iki kəlmə ilə cavablandırmaq istəyirəm: birincisi marifləndirmə, ikincisi isə xarici və yerli əlaqələrin qurulması nəzərədə tutulur. Məncə bu kifayətdir. Ən azından Azərbaycandan Braziliya, Amerika, Isveç, Almanya, Polşa bazarları ilə tanışlıq insanlarımızda hər hansısa fikirləri formalaşdıracaq. Maariflənmək ən böyük qatqıdır, düşünürəm.

- Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinə maraq necədir, qane edirmi? Təşkilati işlər hansı mərhələdədir?

- Konsept mesajının haqqını veririk deyə bilərik, çünki planlaşdırdığımız və hazırdakı gedişata əsasən zirvə görüşünü hər il davamlı etməyi düşünürük. Arxa fonda komanda daxili işləri yekunlaşdırıb, hədəf kütləmizə elanı çatdırmışıq. Gözlədiyimiz kimi bu tədbir kütlə tərəfindən maraqla qarşılanır.

- Biraz da spikerlərdən danışaq. Günel xanım, ümumi neçə spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilir?

- Gəldik məsələnin əsas hissəsinə, necə deyərlər təməlinə. Tədbir formatında biraz konseptdən çıxaraq maraq oyadacayıq. Standartları dəyişmək məni motivasiya edir. Düşünürəm ki, tədbirə gələn iştirakçıların beynində indi görəsən nə olacaq? sualı marağlı olacaq. Spiker olaraq isə 11 nəfərin çıxışı nəzərdə tutulub. Tədbirin formatına görə, ilkin olaraq tək çıxışlar, sonra isə panel və ən sonda xarici spikerlərin online çıxışları nəzərdə tutulub. Spikerlərin hər biri öz sahəsində öz sözünü deyən, yerli və xarici bazarlardan məlumatlı olan və ən əsası auditoriyanın marağını cəlb edən şəxslərdir. Mən inanıram ki, tədbirdə kimsə telefonla məşğul olmayacaq, yada ki, getmək üçün can atmayacaq.

- Zirvə yerli şirkətlərə, eləcə də iştirak edən şəxslərə nə kimi fayda verəcək? Sponsor və ya tərəfdaş kimi iştirak etmək istəyən şirkətlər hansı ünvana müraciət etməlidirlər?

- İlkin olaraq ən azından bunu deyə bilərəm ki, hər birimiz bir evdə qalırıq deyə evlərimizi kəşf etmək, qiymətləndirmək, fərqli məlumatlar əldə edib analiz etmək hər kəs tərəfindən maraqlı olar. Faydanın ən böyük qismi isə Avropa, Amerika və Braziliya bazarını Azərbaycandan tədbirdə iştirakla öyrənəcəklər, xarici əlaqələr quracaqlar və xarici bazar da eyni zamanda Azərbaycanı kəşf edib tanıyacaq. Bu bizim üçün uğur imzası sayılır, çünki mənim əsas istəyim ondan ibarətdir ki, alnız Azərbaycan xaricə getməsin, xaric də Azərbaycana gəlsin. Şirkətimizin ("Between") adından da göründüyü kimi, ölkələr arasında körpü rolunu oynamağı hədəfləyirik.

Sponsorluq və tərəfdaşlıqda maraqlı olanlar sosial hesablarımızdan müraciət edə və ya saytımız üzərindən bizimlə əlaqə saxlaya bilərlər.

- Adından da göründüyü kimi beynəlxalq səviyyədə təşkil olunan zirvəyə xarici şirkətlərin marağı necədir?

- Azərbaycan bazarında PR tanıtım edərək öz şirkətini tanıtmaq və yeni potensial müştərilər qazanmaq istəyənlər üçün bura onların maraq dairəsidir.

- Tədbirdə iştirak etmək istəyən şəxslər bileti necə əldə edə bilərlər?

- Bunun üçün propertyandinvestment sosial hesablarına yaza və ya https://propertyandinvestment.az/ saytından birbaşa biletləri əldə edə bilərlər.

Digər xəbərlər