"E-tender" portalı vasitəsilə sahibkarlar üçün inzibati prosedurlar sadələşdirilir

"E-tender" portalında dövlət qurumları ilə inteqrasiyalar genişləndirilib, bu da dövlət satınalmaları prosesində məlumat mübadiləsinin sürətləndirilməsinə və sahibkarlar üçün inzibati prosedurların sadələşdirilməsinə imkan yaradıb.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparat rəhbərinin müavini Orxan Məmmədov "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda deyib.

Onun sözlərinə görə, "E-tender" portalı bir sıra mühüm dövlət qurumlarının sistemləri ilə inteqrasiya olunub. Bu inteqrasiyalar özəl sektor sahibkarları üçün rahatlıq və operativlik yaradır, müxtəlif sənədlərin əldə edilməsi zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasına imkan verir.

O bildirib ki, ən mühüm yeniliklərdən biri Maliyyə Nazirliyi ilə birgə maliyyə sistemində həyata keçirilən elektron müqavilə inteqrasiyasıdır. Bu inteqrasiya satınalma prosesi zamanı məlumat mübadiləsinin daha operativ və səmərəli aparılmasına şərait yaradır.

O. Məmmədov qeyd edib ki, "E-tender" portalında şərtlər toplusu tam elektronlaşdırılıb. Bütün zəruri məlumatlar sistemə daxil edilir və təchizatçılar həmin məlumatlar əsasında öz təkliflərini elektron formatda təqdim edə bilirlər. Məlumatlar maşın tərəfindən oxuna bilən (machine-readable) formatda hazırlanır.

Onun sözlərinə görə, satınalma prosesi başa çatdıqdan dərhal sonra müvafiq məlumatlar elektron müqavilə alt sisteminə ötürülür. Müqavilə imzalandıqdan sonra isə onun məlumatları avtomatik olaraq yenidən portala daxil edilir və sistemdə əks olunur.

"Portalda həyata keçirilən yeniliklərdən biri də şikayətlərin bilavasitə portal vasitəsilə göndərilməsi funksiyasıdır. Bundan sonra təchizatçılar Dövlət Agentliyinə müraciətlərini birbaşa portal vasitəsilə təqdim etmək, onların icra gedişatını izləmək və nəticəni elektron formada almaq imkanına malikdirlər. Şikayət yönəldilən zaman şikayətçi öz müraciətini müvafiq satınalma müsabiqəsinə bağlaya bilir və bu yolla nəzarət orqanı tərəfindən satınalma prosesinin qiymətləndirilməsi aparılarkən şikayətdə göstərilən məqamlar nəzərə alınaraq prosesə təhlil verilir", - O. Məmmədov əlavə edib.

O.Məmmədov hesab edir ki, rəqəmsallaşma dövlət satınalmaları sahəsində inzibati səmərəliliyin yüksəldilməsinə əhəmiyyətli töhfə verir. Onun fikrincə, süni intellekt vasitələri nəzarət funksiyasından daha çox qabaqlayıcı tədbirlərin görülməsinə, preventiv yoxlamaların reallaşdırılmasına və potensial risklərin erkən mərhələdə müəyyənləşdirilməsinə şərait yaradır:

"Bu vasitələr rəy və şərh toplusunun formalaşdırıldığı mərhələdə, yəni prosesin ilkin nöqtələrindən birində satınalan quruma lazımi məlumatları təmin etməklə qabaqlayıcı addım atılmasına nail olur. Beləliklə, nəzarət orqanı və digər əlaqədar strukturlar bütün prosesləri daha optimal formada izləyə bilirlər. Rəqəmsallaşma bu sahədə geniş imkanlar açır. Çünki rəqəmsallaşma hər bir prosesdə öz izini qoyur. Kağız əsaslı daşıyıcılardan istifadə zamanı proseslərin izlənilməsi daha mürəkkəb olur, halbuki rəqəmsallaşma bu baxımdan böyük üstünlüklər təqdim edir. İnzibati səmərəlilik məsələsinə toxunsaq, vurğulamaq lazımdır ki, həyata keçirdiyimiz inteqrasiyalar da bu səmərəliliyin artırılmasına yönəlib. Qurumlararası inteqrasiya və vahid rəqəmsallaşma prosesləri bu istiqamətdə müvəffəqiyyət əldə etməyə imkan tanıyır.

Nümunə olaraq, rəqəmsal inkişafın sürətləndirilməsinə dair fəaliyyət planı çərçivəsində müxtəlif fəaliyyət istiqamətləri üzrə, o cümlədən dövlət satınalmalarında rəqəmsallaşmanın genişləndirilməsi ilə əlaqədar tədbirlərimiz mövcuddur. Ümidvarıq ki, bu tədbirləri uğurla icra edəcəyik və bununla da müvafiq indikatorlara birbaşa töhfə vermiş olacağıq".

Digər xəbərlər