Azərbaycanda elektron dövlət satınalmaları sahəsində 453,7 milyon manat həcmində qənaətə nail olunub.
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparat rəhbərinin müavini Orxan Məmmədov "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" mövzusunda keçirilən konfransda bildirlib.
O qeyd edib ki, bu ilin yanvar-iyul aylarında həyata keçirilən elektron satınalmaların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 %, ümumi həcmi isə 12,5 % yüksəlib: "Həmin müddət ərzində təşkil olunan satınalma müsabiqələrində orta iştirakçı sayı 3,5 olub. Bu artım dövlət satınalmalarında rəqəmsallaşma səviyyəsinin yüksəldiyini, proseslərin daha əlçatan olmasını və rəqabət mühitinin genişlənməsini göstərir.
İlin ilk 8 ayı ərzində elektron dövlət satınalmaları üzrə 453,7 milyon manat məbləğində qənaət əldə edilib. Ümumilikdə qənaət faizi 14,4 % səviyyəsində qeydə alınıb. Bu göstərici təsdiq edilmiş qiymətlə ehtimal olunan qiymət arasındakı fərqin ehtimal olunan qiymətə nisbətini ifadə edir. Bu nəticələr rəqabət mexanizmlərinin tətbiqi, qiymətlərin optimallaşdırılması və dövlət vəsaitlərindən səmərəli istifadə baxımından əhəmiyyətli irəliləyişi göstərir".
O. Məmmədovun sözlərinə görə, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə satınalmalarda iştirak edən yeni unikal təchizatçıların sayı 20 %-dən çox artıb: "Bu o deməkdir ki, bazara yeni iştirakçılar qoşulur. Bu, həm rəqabət mühiti baxımından müsbət tendensiyadır, həm də etimadın əyani göstəricisidir.
Şikayət daxil olan zaman şikayətçi tərəflə də görüş təşkil edilir. Eyni zamanda, açıq platformalarda və təhcizatçılarla keçirilən görüşlərdə hər kəs öz mülahizələrini sərbəst formada paylaşa bilirsə, bu da etimadın bariz nümunəsidir".