Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 1,01 milyon ABŞ dolları dəyərində 55,75 milyon ədəd siqaret alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,2 dəfə, kəmiyyət olaraq – 5,2 dəfə azdır.
Ukraynadan 499,9 min ABŞ dolları dəyərində 21,83 milyon ədəd, Rusiyadan 511,98 min ABŞ dolları dəyərində 33,92 milyon ədəd məhsul gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Ukraynadan idxal müvafiq olaraq 11,2 dəfə və 10,3 dəfə azalıb, Rusiyadan – 23,2 % və 47 % azalıb.
Qeyd edək ki, ötən il xaricdən aldığımız 722 milyon ədəd siqaretin 67 %-i Ukraynanın payına düşüb. Bu ilin martında Azərbaycan bu ölkədən siqaret idxal etməyib.
2022-ci ilin ilk üç ayı ərzində Azərbaycandan xaricə 401,1 min ABŞ dolları dəyərində 55,15 milyon ədəd siqaret göndərilib.
Hesabat dövründə Türkmənistana 136,75 min ABŞ dolları dəyərində 11,5 milyon ədəd, Omana 196,59 min ABŞ dolları dəyərində 35,64 milyon ədəd və Gürcüstana 67,76 min ABŞ dolları dəyərində 8,01 milyon ədəd məhsul satılıb.
Bir il əvvəl Omana siqaret ixrac edilməyib. Üç il 3 aylıq fasilənin ardından Gürcüstana, 2 il 1 ayın tamamında Türkmənistana tədarük bərpa edilib.