Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 11,2 % və 37,4 % artıb.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 102,6 milyon ton yük daşınıb.
Yüklərin 3,6 %-i dəniz, 8,4 %-i dəmir yolu, 0,2 %-i hava, 56,5 %-i avtomobil nəqliyyatı, 31,3 %-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 11,3 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,6 % təşkil edib.
Bu ilin yanvar-iyun aylarında nəqliyyatçılar 762,5 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 86,6 %-i avtomobil nəqliyyatı, 13 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.