Azərbaycanda bu ilin 11 ayında damazlıq heyvanlar üzrə idxal rüsumu üzrə azad olunmalarla bağlı 125 %-lik artım qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Baş idarə rəisinin müavini Kənan Əsədov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunun davamlı inkişafında və milli ərzaq təhlükəsizliyinin qorunmasında gömrük orqanları xüsusi əhəmiyyət kəsb edir: "Belə ki, bu gün kənd təsərrüfatı mallarının idxalında tətbiq olunan gömrük rüsumları bir tərəfdən də yerli istehsalçıların hüquqlarının qorunmasına, bu sektorun inkişafına davamlı dəstəkdir. Eyni zamanda bu sahədə verilən gömrük güzəştləri də bu sahənin inkişafı ilə bərabər texniki modernizasiyaya da dəstək verir".
O qeyd edib ki, gömrük orqanları Kənd Təsərrüfatı Nazirliyi, eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumları ilə birgə fəaliyyət çərçivəsində idxal-ixrac olunan kənd təsərrüfatı mallarının biosanitar təhlükəsizliyinin qorunmasında və eyni zamanda milli və beynəlxalq standartlara uyğunluğunun təmin olunmasında mühüm rol oynayır: "Beynəlxalq standartlara uyğunluğunun da təmin olunması, eyni zamanda bu məhsulların ixrac istiqamətində rəqabət qabiliyyətini artırır. Düşünürəm ki, bu sahədə və eyni zamanda sadələşdirilmiş gömrük prosedurları, elektron bəyannamələr və risk əsaslı yanaşma bu cür malların da daha sürətli rəsmiləşməsinə şərait yaradır. bu ilin 11 ayının üzrə idxal rüsumu üzrə azad olunmaların həcminə nəzər salaq: 686,4 milyon azad olunma həcmi var və bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 % artımdır. Xüsusilə burada damazlıq heyvanlar üzrə azad olunmalar ilə bağlı 125 %-lik artımı qeyd etmək istərdim. Baytarlıq preparatlarında isə 25 %-lik artım var. Yəni bu rüsum güzəştlərinin tətbiq olunması istər-istəməz bu sferanın inkişafına xüsusi bir dəstək verir".