Azərbaycanda avtomobil və daşınmaz əmlak satışında ƏDV hesablanma qaydası dəyişir

Gələn ildən avtomobil və mənzil satışında əlavə dəyər vergisi (ƏDV) alış qiyməti ilə satış qiyməti arasındakı fərqə tətbiq olunacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, avtomobillərin təkrar satışı zamanı ƏDV-nin ticarət əlavəsi əsasında hesablanması da nəzərdə tutulub: "Bildiyiniz kimi, avtomobil dilerləri tərəfindən vətəndaşlardan rəsmi formada geri alınan nəqliyyat vasitələri yenidən satışa təqdim edildikdə 18 % ƏDV ödənilirdi. Bu vəziyyət isə biznes subyektləri üçün əlverişsiz şərait formalaşdırırdı. Bu səbəbdən, sahibkarların qaldırdığı narahatlıqlar diqqətə alınaraq, fiziki şəxslərdən nağdsız ödəniş yolu ilə əldə edilmiş avtomobillərin sonrakı satışı üçün ƏDV alış və satış qiymətləri arasındakı fərq, başqa sözlə ticarət əlavəsi əsasında müəyyən ediləcək".

N. İmanov bildirib ki, əhəmiyyətli yeniliklərdən biri də analoji mexanizmin bina tikintisi sahəsində fəaliyyət göstərən şəxslərə və ümumilikdə daşınmaz əmlak bazarına münasibətdə tətbiq olunmasıdır.

"Belə ki, fiziki şəxslərdən mənzil alan hüquqi şəxslər, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan subyektlər həmin yaşayış sahələrini yenidən satışa çıxardıqda ƏDV alış və satış qiymətləri arasındakı fərq üzərindən hesablanacaq", - o əlavə edib.

Digər xəbərlər