2021-ci ildə Azərbaycan Rusiyadan 5,4 min ton hazır ət məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) çəlumatında deyilir.
Məlumata görə, bu, 2020-ci ilin göstəriciləri ilə müqayisədə 31,7 % çoxdur. 2020-ci il ərzində rusiyalı ət ixracatçıları tərəfindən Azərbaycana 4,1 min ton müxtəlif ət məhsulları ixrac edilib.
Ümumilikdə isə 2021-ci il ərzində rusiyalı ixracatçılar xarici bazarlara 585 min ton mal, qoyun, donuz və quş əti ixrac ediblər. Bu isə 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,03 % çoxdur.
Hazır ət məhsullarının ixracı isə 2021-ci ildə daha əvvəlki illə müqayisədə 33 % artaraq 73,8 min ton təşkil edib.
Ötən il ərzində Rusiya ümumilikdə 23 ölkəyə hazır ət məhsulları ixrac edib. Belə ki, bu ölkədən Qazaxıstana ət ixracı 33 % artaraq 44,7 min ton, Ukraynaya ixrac 48 % artaraq 10,7 min ton təşkil edib.
2021-ci ildə Belarusa hazır ət məhsullarının ixracı 13 % artaraq 3,6 min ton, Qırğızıstana 2,3 dəfə artaraq 1,98 min ton təşkil edib.