Azərbaycan Gürcüstandan avtomobil idxalını 55 % azaldıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycana 120,7 milyon ABŞ dolları dəyərində 6 min 335 ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 55 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 934 milyon ABŞ dolları dəyərində 46 min 376 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 6 % və 10 % azdır. O cümlədən Gürcüstandan Qırğızıstana 414,6 milyon ABŞ dolları dəyərində 11 min 681 ədəd, Qazaxıstana 304 milyon ABŞ dolları dəyərində 23 min 145 ədəd, Ermənistana 54 milyon ABŞ dolları dəyərində 3 min ədəd, Tacikistana 10,2 milyon ABŞ dolları dəyərində 694 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,13 milyard ABŞ dolları dəyərində 107 min 898 ədəd avtomobil ixrac edib ki, bunun da 437 milyon ABŞ dolları dəyərində 22 min 393 ədədi Azərbaycanın payına düşüb.

Digər xəbərlər