Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir: qeyri-neft-qaz sektorunda qeyri-dövlət investisiyaları 20,7% artıb. İxracın strukturu da yaxşılaşır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, kənd təsərrüfatı emalı məhsullarının ixracı 37%, qeyri-neft-qaz sənaye məhsullarının ixracı isə 21,5% artıb: "Strateji valyuta ehtiyatları ilin əvvəlindən 5,1% artaraq 89,4 milyard dollara çatıb, illik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda qalır".
Nazir müavini vurğulayıb ki, büdcə daxilolmaları üzrə də müsbət dinamika davam edib: "Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12,6% artaraq 10,3 milyard manatı ötüb, dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri isə 9,3% yüksəlib. İlin əvvəlindən aktiv vergi ödəyicilərinin sayı 4,8%, ƏDV ödəyicilərinin sayı 6,9% artıb".
O əlavə edib ki, qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, ölkədə makroiqtisadi sabitlik qorunur, şaxələndirmə siyasəti isə öz bəhrəsini verir. Strategiya dövrünün yekunlarına əsasən, qeyri-neft-qaz sektorunda orta illik artımın 5,2% olacağı gözlənilir ki, bu da qarşıya qoyulmuş hədəfi üstələyir: "Cari ilin yanvar-sentyabr aylarında iqtisadi artım 1,5% təşkil edib. Qeyri-neft-qaz sektoru 2,6% böyüyərək artımın əsas mənbəyinə çevrilib, bu sektorun ÜDM-dəki payı isə 70%-i ötüb. İlin yekununda ÜDM-in 1,7%, qeyri-neft-qaz ÜDM-in isə 3,1% artacağı proqnozlaşdırılır.
Artımın strukturunda emal sənayesi, nəqliyyat və informasiya texnologiyaları önə çıxır. Qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 6,6%, nəqliyyat və anbar təsərrüfatında 10%, informasiya və rabitədə 11,1% artıb. Ümumilikdə xidmət sektorunun bütün sahələrində artım qeydə alınıb. Daxili tələb də güclü qalır: əhalinin istehlakı real ifadədə 4,6% yüksəlib".