Salyanda yağış pambıq yığımında problemlər yaradıb

Azərbaycan ərazisində son günlər müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti Salyan rayonunda pambıq yığımında çətinliklər yaradıb.

Bu barədə “Report”un Aran bürosuna bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, bu il ötən ilkindən fərqli olaraq pambıq tarlalarında bol məhsul yetişdirilib. Fermerlər bildirib ki, buna baxmayaraq, cari ilin yaz aylarında havalar qeyri-sabit keçib və çiyid səpini 20-25 gün gecikib:

"Bununla belə, becərmə dövründə pambıq tarlaları vaxtında alaq otlarından təmizlənib, bir neçə dəfə cərgələr arasına kultivasiya çəkilib, mineral gübrələr verilib, zərərverici və ziyanvericilərə qarşı lazımi tədbirlər görülüb. Suyun qıt olduğu bir vaxtda suvarma işləri də vaxtında başa çatdırılıb. Bir sözlə, pambığın becərmə dövründə bütün aqrotexniki qaydalara riayət olunmaqla tarlalarda bol məhsul yetişdirilib".

Sahibkarlar söyləyib ki, yetişdirilən məhsulun 90-95 faizinin pambıqyığan maşınlarla yığılması nəzərdə tutulsa da, bu il havaların qeyri-sabit, yağıntılı keçməsi məhsul yığımında çətinliklər yaradıb: "Artıq son günlər pambıqyığan maşınlar tarlalarda hərəkət edə bilmir. Min bir əzab-əziyyətlə hasilə gətirilən məhsul zay olub gedir. Yağıntılar ara verən kimi yalnız əllə məhsul yığımı aparılır. Belə davam edərsə, məhsulu əllə yığmaq mümkün olmayacaq. Təsərrüfat sahiblərinin çoxu ili ziyanla başa vuracaq. Elə təsərrüfat sahiblərini də narahat edən bu məsələdir".

Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) “Report”un yerli bürosuna verilən məlumata görə, bu il rayon üzrə 9285 hektarda pambıq əkilib: "Hər hektardan 35 sentner məhsul götürülməsi proqnozlaşdırılmışdı. Bu günədək 24467 ton məhsul istensal edilməklə, hər hektardan 28,5 sentner məhsul götürülüb. Son günlər havalar qeyri-sabit keçdiyindən tarlalara pambıqyığan maşınlar çıxartmaq olmur. Məhsulu toplamaq üçün 37 ədəd pambıqyığan maşın var. Bu günədək 600 hektarda hələ birinci yığım aparılmayıb. Havalar imkan verən kimi pambıqyığan maşınlar sahələrə çıxarılacaq, yetişdirilən məhsul son qozasınadək yığılacaq".

Digər xəbərlər