Qazaxıstan 2026-cı il iyulun 27-dən etibarən avtomobil, su və dəmir yolu nəqliyyatı ilə buğda idxalına 6 aylıq qismən qadağa tətbiq edir.
"Report"un Qazaxıstan bürosunun respublikanın kənd təsərrüfatı nazirinin əmrinə istinadən verdiyi məlumata görə, məhdudiyyətlər həm üçüncü ölkələrdən, həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərdən edilən tədarüklərə şamil olunur.
Bildirilib ki, istisna olaraq, dəmir yolu nəqliyyatı ilə quşçuluq və taxıl emalı müəssisələri, lisenziyalı elevatorlar, eləcə də "Ərzaq Müqavilə Korporasiyası" Milli Şirkəti üçün buğda idxalına icazə verilir.
Bununla yanaşı, quşçuluq və taxıl emalı müəssisələri üçün idxal edilmiş buğdanın daxili bazarda satılması və ya ixrac edilməsi qadağandır.
Qadağa həmçinin Qazaxıstan ərazisindən dəmir yolu tranzitinə və Aİİ ölkələri arasındakı daşımalara şamil edilmir.