Deputat: "Özəl sektorda aqrar mütəxəssislərə 5 000 manat maaş təklif edilir"

Azərbaycanın regionlarında kənd təsərrüfatı ilə məşğul olan özəl sektor mütəxəssislərə 5 000 manatdan çox maaş təklif edir.

"Report" xəbər verir ki, bunu deputat Müşviq Məmmədli Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır" mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın regionlarında yaşayan insanların əsas işi kənd təsərrüfatı olmalıdır: "Bunun üçün yeni təsərrüfatların qurulması çox önəmlidir. Hazırda rəqabətqabiliyyətli kənd təsərrüfatını inkişaf etdirmək üçün rəqəmsal kənd təsərrüfatı, "ağıllı suvarma" sistemləri, müasir texnologiyalar və elmi əsaslara söykənən istehsal metodları çox vacibdir. Bunları tətbiq etmək üçün, təbii ki, təhsil sahəsində irəliləyişlər olmalıdır".

Deputat vurğulayıb ki, ölkədə peşə təhsilinə bir qədər də üstünlük verilərsə, kənd təsərrüfatı sahəsində də mühüm irəliləyişlərə nail oluna bilər: "Çünki biz əksər təsərrüfatlara getdikdə, məsələn, Qubada davamlı olaraq ixtisaslı mütəxəssislərə tələbat olduğunu görürük. Həmin mütəxəssislərə kifayət qədər də yüksək maaşlar verilir. Məsələn, kənd təsərrüfatı ilə məşğul olan özəl sektor 10-15 min manat maaş təklif edir. Daha yaxşı mütəxəssislərə isə daha yüksək məbləğlər təklif edilir, lakin həmin mütəxəssislər xarici ölkələrdən gəlir. Əgər belə mütəxəssisə ehtiyacı varsa, o zaman problemin nədən qaynaqlandığı barədə bir qədər düşünmək lazımdır".

M.Məmmədli qeyd edib ki, digər mühüm məsələ isə kənd təsərrüfatında hazırlanan mütəxəssislərin birbaşa istehsalatla təmaslarının artırılmasıdır: "Bu, əslində bütün sahələr üçün keçərlidir. Çünki əksər sahələrdə işə başlayan mütəxəssisdən təcrübə və ya bilik-bacarıqlarını təsdiq edən real iş tələb olunur. Bəzən görürük ki, mütəxəssis nəzəri məlumata malikdir, amma real iş prosesinə gəldikdə hələ zamana ehtiyacı var".

Digər xəbərlər