Bu il Biləsuvar rayonundakı pomidor sahələrində məhsuldarlıq aşağı düşüb.
Bu barədə "Report"un yerli bürosuna bir qrup fermer məlumat verib.
Onların sözlərinə görə, azalma ilk növbədə havaların quraq keçməsindən qaynaqlanıb: "Bol məhsul yetişdirmək istəsək də, payız fəslində havalarnın quraq keçməsi pomidor əkilən sahələrimizin qurumasına səbəb oldu".
"Su ilə təmin olunmağımızda da problem yarandı. Əkinlərimizi vaxtında və lazımi qaydada suvara bilmədik. Suvarmada çətinliklər olmasaydı, bazarda bolluq yarada bilərdik", - fermerlər qeyd edib.
Bundan başqa, kənd təsərrüfatı istehsalçıları bildirib ki, torpağa verilən dərmanlar bəzən keyfiyyətsiz olur və əks təsir göstərir: "Bu da min bir əziyyətlə becərdiyimiz əkin sahələrinin məhv olmasına gətirib çıxarır".
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, bu il təkrar əkin olaraq 155 hektar sahədə pomidor əkini aparılıb: "Müəyyən qədər olsa da, havanın isti keçməsi və dərmanlar məhsuldarlığa təsir edib. Lakin düzgün becərməkdən çox şey asılıdır. Bu il təkrar əkin zamanı suvarma problemi olmayıb".