"Azərpambıq" ixrac gəlirlərini 77 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 45,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayına istinadən xəbər verir.

Hesabata görə, bu, 2025-cü ilin 8 ayı ilə müqayisədə 19,9 milyon ABŞ dolları və yaxud 76,5 % çoxdur.

8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvarda yerləşirlər), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucarda), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

Digər xəbərlər