2022-ci il ərzində Azərbaycan xaricdən 15 milyon ABŞ dolları dəyərində 5 min 62 ton yunan qozu (qabıqlı və qabığı təmizlənmiş) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 16 % çoxdur.
Hesabat dövründə Azərbaycana Ukraynadan 9,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çoxdur) 2 min 779 ton (-0,7 %), Rusiyadan 1,9 milyon ABŞ dolları dəyərində (+54 %) 1 min 433 ton (+59 %), Qırğızıstandan 1,18 min ABŞ dolları dəyərində (+6 dəfə) 246,2 ton (+5,7 dəfə), Özbəkistandan 1,13 milyon ABŞ dolları dəyərində (-10 %) 207,4 ton (-7 %), Çilidən 500 min ABŞ dolları dəyərində (+18,2 %) 118 ton (-3 %) məhsul gətirib.
Üç il 8 aylıq fasilənin ardından Moldovadan (228 min ABŞ dolları dəyərində 63 ton), 1 il 6 ayın tamamında Türkiyədən (14 min ABŞ dolları dəyərində 2 ton) və 1 il 2 aydan sonra Lüksemburqdan (11 min ABŞ dolları dəyərində 0,72 ton) yunan qozu tədarükü bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan (1,5 min ABŞ dolları dəyərində 0,2 ton) və Suriyadan (114 min ABŞ dolları dəyərində 19 ton) idxal həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xarcidən (9 ölkədən) aldığı 4,38 min ton yunan qozunun 63,9 %-i Ukraynanın, 20,5 %-i Rusiyanın payına düşüb.