Türkiyənin XİN başçısı: “İstənilən şərtlərdə Azərbaycanın yanındayıq!”

Türkiyənin XİN başçısı: “İstənilən şərtlərdə Azərbaycanın yanındayıq!” “Ermənistan siyasi həll yolunu istəmədiyi üçün atəşkəs rejimini pozur”
Xarici siyasət
26 Aprel , 2016 14:31
Türkiyənin XİN başçısı: “İstənilən şərtlərdə Azərbaycanın yanındayıq!”

Bakı. 26 aprel. REPORT.AZ/ “Bizim mövqeyimiz kifayət qədər açıq və birmənalıdır. İstənilən şərtlərdə Azərbaycanın yanındayıq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Qarabağ problemi Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranıb və bu problem BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarında göstərildiyi kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Bu baxımdan da problemin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin və həmsədr ölkələr olan Rusiya, ABŞ və Fransa böyük məsuliyyət daşıyır. Əgər bu üç ölkə istəsə, bu münaqişə ən qısa zamanda həll olunar. Ermənistan siyasi həll yolunu istəmədiyi üçün atəşkəs rejimini pozur. Ancaq Azərbaycan birtərəfli olaraq atəşkəs elan edərək, münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bütün dünyaya növbəti dəfə nümayiş etdirdi”.

M.Çavuşoğlu qeyd edib ki, Ermənistanın qeyri-konstruktiv yanaşmasına heç kəs əhəmiyyət verməməlidir: “Türkiyənin bununla bağlı mövqeyi son dərəcə konkret və birmənalıdır. Bir daha təkrar edirəm ki, Türkiyə və Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Türkiyə bu gün olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın yanında olacaq”.

Son xəbərlər

Orphus sistemi