​Lüksemburq XİN rəhbəri: "Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik"

​Lüksemburq XİN rəhbəri: "Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik" "Biz ümumi layihələri Şərq tərəfdaşlığı üzvlərinin tələblərinə uyğunlaşdıraraq, fərdi əlaqələri inkişaf etdirməliyik"
Xarici siyasət
27 İyul , 2015 10:53
​Lüksemburq XİN rəhbəri: Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik

Bakı. 27 iyul. REPORT.AZ/ Lüksemburq Böyük Hersoqluğu xarici işlər naziri, Avropa İttifaqı Şurası sədri vəzifəsini icra edən Jan Asselbornun "Report" agentliyinə müsahibəsi:

- Lüksemburqun Avropa İttifaqı Şurasının sədrliyi dövründə onun əsas prioritetləri haqqında nə deyə bilərsiniz?

- Lüksemburqun Avropa İttifaqı Şurasına sədrliyi dövründə Avropa Birliyinin bu gün qarşılaşdığı əsas 7 problem diqqət mərkəzində olacaq və əsas prioritetlər kimi ön planda olacaq. Buna görə də ötən il Avropa Şurası tərəfindən müəyyən edilmiş Strateji gündəlikdəki prioritetləri əks etdirən bu sahələrdə təcili əməli işlərin görülməsinə ehtiyac var.

İlk növbədə, iqtisadi inkişafın artımına və yeni iş yerlərinin yaradılmasına nail olmaq Lüksemburqun sədrliyi dövründə qarşıda duran mühüm prioritet məsələlərdəndir. Avropa Komissiyası tərəfindən təqdim olunan Avropanın investisiya planı ilə yanaşı, Lüksemburq diqqətini innovasiyalara əsaslanan və rəqabət qabiliyyətli iqtisadiyyatın düzgün çərçivə şərtlərinin müəyyənləşdirilməsinə yönəldəcək. Əgər bu uğurla icra olunarsa, investisiya planı real iqtisadiyyata dövlət və özəl sahələrdən 315 milyard avro məbləğində investisiyaların cəlb edilməsinə kömək edəcək.

Sosial sahədəki fəaliyyətin dərinləşdirilməsi ikinci başlıca prioritet olacaq. Biz dərk etməliyik ki, hazırda iqtisadi və maliyyə böhranı ilə bağlı zəifləyən sosial birlik Avropanın dayaqlarından biridir. Xüsusilə də Avropa İttifaqında gənclər arasında işsizlik  kəskin şəkildə artıb və sosial bərabərsizlik yaranıb.

Aİ-yə miqrasiya ilə bağlı məsələlərin təkmilləşdirilməsi Lüksemburqun sədrliyi dövründə daha bir prioritetdir. Xüsusilə də son illərdə Aralıq dənizində insanların həyatını itirmələri fonunda baş verən hadisələr miqrasiya məsələlərini aktuallaşdırır. Bu hadisələr Aİ səviyyəsində qəti addımların atılmasını və davamlı fəaliyyət göstərilməsini tələb edir.

Qarşımıza qoyduğumuz Aİ-nin öz vətəndaşları ilə yaxınlaşması məqsədimizi nəzərə alaraq, Lüksemburq sədrliyi dövründə Avropa İttifaqı çərçivəsində azadlıq, ədalət və təhlükəsizlik məsələlərini ön plana çəkəcək. Bundan əlavə, Lüksemburq hüquq və Milli Təhlükəsizliyin müxtəlif sahələrində, o cümlədən ailə qanunvericiliyi, immiqrasiya və siyasi sığınacaq məsələlərinə də xüsusi önəm verəcək.

Lüksemburqun qarşısında duran daha bir prioritet məsələ rəqəmsal sahəyə əsaslanan ümumi bazarın bərpası olacaq. Biz inanırıq ki, iş yerlərinin yaradılması və iqtisadi artım ilk növbədə ümumi bazarın dərinləşməsi və daha yaxşı fəaliyyət göstərməsini tələb edir.

Lüksemburqun Aİ-də sədrliyinin beşinci prioritet istiqaməti qlobal və şəffaf çərçivəyə salmaqla, Avropada rəqabət qabiliyyətinin artırılması olacaq. Bu sırada xüsusi diqqət maliyyə baxımından şəffaflığın artırılmasına yönələcək.

Bundan əlavə, Lüksemburq səmərəli və davamlı inkişafa nail olmaq üçün mümkün olan hər şeyi edəcək. Lüksemburqun sədrliyi dövründə Aİ ətraf mühitin qorunması və inkişaf siyasəti sahəsində bir sıra mühüm beynəlxalq sazişlər üzrə danışıqlar aparacaq.

Nəhayət, biz inanırıq ki, qloballaşan dünyada qlobal səhnədə Aİ-nin varlığını gücləndirmək lazımdır.

- Bu gün Avropa hansı mühüm çağırışlarla üzləşir və Lüksemburq onlara qarşı mübarizə aparmaq üçün nə təklif edə bilər?

- Əlbəttə, bizim sədrliyimizin uğuru Avropanın bu gün üz-üzə olduğu problemlərin həllinə nə dərəcədə nail olduğumuzla təyin olunacaq.

Bu baxımdan, miqrasiya böhranının uzunmüddətli həllinə nail olmaq üçün axtarışlar Lüksemburqun sədrliyi dövründə həllini gözləyən prioritet məsələlərdən biridir. Əlbəttə, biz Avropa təşkilatları, üzv dövlətləri və vətəndaşları Aİ-də sağlam miqrasiya mühitinin təmin edilməsinə çağırırıq. Bu üçüncü ölkələrlə əməkdaşlığı genişləndirməklə, üzv ölkələr arasında miqrantların qanunsuz köçürülməsi və alverinə qarşı mübarizədə həmrəyliyin gücləndirilməsi və qeyri-qanuni miqrasiya kanallarının bağlanması ilə həyata keçirilməlidir. Biz qarşımıza bütün bu sahələrdə fəaliyyətin gücləndirilməsi məqsədini qoymuşuq.

Digər mühüm məsələ iqtisadi artım və yeni iş yerlərinin yaradılması ilə bağlıdır. Mən əminəm ki, bu gün Aİ-də ən mühüm çağırışlardan biri Avropa iqtisadiyyatının yenidənqurulması və işsizliklə mübarizə məsələləridir. Daha dəqiq desək, biz ümid edirik ki, bizim 315 mlrd avro məbləğində investisiyanın ayrılmasına imkan yaradan Avropa İnvestisiya Planına verdiyimiz dəstək, Avropada investisiya qoyuluşu sahəsindəki boşluğu doldurmaq və iqtisadi artıma nail olmaq, həmçinin yeni iş yerlərinin yaradılmasına yardım edəcək.

- Bu yaxınlarda Riqada keçirilən sammitin nəticələrini nəzərə alaraq, Siz Şərq tərəfdaşlığı proqramının gələcəyini və iştirakçı ölkələrə fərdi yanaşmanı necə görürsünüz?

- Riqa sammiti onu göstərdi ki, Avropa İttifaqı və onun tərəfdaşlarının Şərq Tərəfdaşlığı Proqramına cəlb olunması hazırda həmişəkindən daha güclüdür. Biz unuda bilmərik ki, Şərq tərəfdaşlığı aşağıdakı prinsiplər əsasında qurulub:  təhlükəsizlik, sabitlik və Avropa qitəsinin firavanlığı. Mən, həmçinin Şərq Tərəfdaşlığı Proqramına daxil olan partnyorlarımızın bu proseslərdə iştirakını təmin etməyin vacibliyini bildirirəm. Biz ortaq layihələrimizi tərəfdaşlarımızın tələblərinə uyğunlaşdırmalı və ikitərəfli əlaqələri inkişaf etdirməliyik. Riqa Bəyannaməsi təsdiqlədi ki, hər bir tərəfdaş ölkə Avropa İttifaqı ilə əlaqələrin səviyyəsi və onunla münasibətlərinin məqsədlərini müəyyənləşdirərək seçim hüququna malikdir. Tərəfdaşların qanunun aliliyi, demokratiya və daha yaxşı idarəetmə prinsiplərinə cəlb edilməsi əsas tələblərdəndir.

Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişinə əməl olunması, şübhəsiz ki, gələcək illərdə Şərq tərəfdaşlığı üçün prioritet məsələlərdən olacaq. Azərbaycan da daxil olmaqla, digər üç ölkə ilə əlaqədar fərdi çərçivədə əməkdaşlıq məsələsi də Avropa İttifaqının gündəliyinə daxil ediləcək. Biz Azərbaycanın gələcəkdə əldə oluna biləcək müqavilədə mümkün iştirakına maraq göstərməsini başa düşürük. Lüksemburq sədr kimi bu məsələ ilə bağlı Azərbaycanla Aİ arasında əlaqələrin qurulması üçün səylər göstərmək niyyətindədir. Biz birbaşa vətəndaşların rifahına təsir edən mobillik, qarşılıqlı əlaqələrin qurulması, enerji və təhsil kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirməliyik. Şərq tərəfdaşlığı proqramına daxil olan ölkə vətəndaşlarına dəstək vermək, həmçinin Aİ dövlətlərində yaşayan insanların digər tərəfdaş ölkə vətəndaşları ilə əlaqələrin qurulması böyük əhəmiyyət kəsb edir.

Lüksemburq Şərq tərəfdaşlığı proqramının inkişaf etdirilməsi üçün Avropa Xarici Siyasət idarəsi və Avropa Komissiyası ilə sıx əməkdaşlıq edəcək. Avropa Qonşuluq siyasətinin müzakirələri Lüksemburqun sədrliyi dövründə başa çatmalıdır.

- Lüksemburq Avropa və onun qurumlarında mühüm rol oynayır. Avropada həlli uzanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində Lüksemburq necə köməklik göstərə bilər?

- Lüksemburq Avropada həlli uzanan münaqişələrin çözülməsinə yönələn bütün səyləri dəstəkləməkdə davam edir. Dnestryanı münaqişənin həlli ilə bağlı 5 + 2 formatında baş tutan danışıqlar, Cenevrə Beynəlxalq dialoq çərçivəsində 2008-ci ildə Gürcüstanda baş verən münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan işlər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun səyləri ölkəmiz tərəfindən dəstəklənir.

Son xəbərlər

Orphus sistemi